×
A
A
A
Sazlamalar

Bernama agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı faciəsi ilə bağlı müsahibəsini yayıb

Kuala Lumpur, 14 mart, AZƏRTAC

Malayziyanın milli xəbər agentliyi Bernama AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Ağayevin Xocalı faciəsi ilə əlaqədar müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, “Xocalı faciəsi XX əsrin ən dəhşətli fəlakətlərindən biridir” adlı müsahibədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilən soyqırımından ətraflı danışılır.
Qeyd edilir ki, bu faciə ermənilərin Azərbaycan torpaqlarını işğal etmək məqsədilə törətdikləri çoxsaylı cinayətlərin ən dəhşətlisidir və onun yaraları azərbaycanlıların qəlbindən heç vaxt silinməyəcək.
Müsahibədə təəssüf hissi ilə qeyd edilir ki, həmin cinayəti törədənlər hələ də beynəlxalq məhkəmə qarşısında cavab verməyiblər və Azərbaycan xalqı Xocalı üçün ədalət tələb etməkdə davam edir.
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra alman nasistlərinin Nürnberq məhkəməsi qarşısında cavab verdiyini xatırladan V.Ağayev qeyd edib ki, Xocalı qırğınının ideoloqları və icraçıları hələ də azadlıqdadırlar. Dünya bu cəlladların dinc sakinlərə - uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri vəhşiliklər barədə daha çox məlumatlandırılmalıdır.
Müsahibədə, həmçinin azərbaycanlıların öz ata-baba yurdlarından qovularaq çıxarılması İkinci Dünya müharibəsindən sonra Avropada törədilən ən ağır cinayət kimi vurğulanır. Bildirilir ki, Xocalı faciəsi qurbanlarının xatirəsi hər il fevral ayında bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən dərin hüznlə anılır.
Soyqırımının törədilməsi üçün məhz Xocalının seçilməsinin arxasında azərbaycanlıların əsrlərboyu məskunlaşdığı bu tarixi şəhəri məhv etmək məqsədinin dayandığını bildirən azərbaycanlı jurnalist şəhərin ermənilər tərəfindən işğalından sonra buradakı tarixi və mədəniyyət abidələrinin məhv edilməsinə diqqət çəkir. Qeyd edir ki, şəhərin sakinləri məhz azərbaycanlı olduqlarına görə ermənilərin vəhşi hücumunun qurbanı olublar.
Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri barədə də malayziyalı oxuculara ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan hökumətinin münaqişənin dinc yolla, ədalətli şəkildə həlli istiqamətində atdığı addımlar Ermənistan hökumətinin işğalçı siyasətdən əl çəkmək istəməməsi səbəbindən uğursuzluqla nəticələnir. Dünya ictimaiyyətinin münaqişə barədə daha ətraflı və obyektiv məlumatlandırılması istiqamətində göstərilən cəhdlər isə öz nəticəsini verməkdədir. Dünyanın bir çox dövləti və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanımaqdadırlar.
Vurğulanır ki, Malayziyanın münaqişənin dayandırılması və Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması barədə BMT qətnamələrini dəstəkləməsi xalqımız tərəfindən böyük minnətdarlıqla xatırlanır.

Qan yaddaşı 2020-03-14 11:10:00