Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ABŞ-ın Meyn ştatında Xocalıdan bəhs edən rəsm sərgisi təşkil edilib

Bakı, 10 mart, AZƏRTAC

ABŞ-ın Meyn Ştatında "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Meyndə fəaliyyət göstərən Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Xocalı soyqırımı zamanı baş verənləri özündə əks etdirən 30 əsər nümayiş olunub. Rəsm əsərlərində Xocalıda vəhşicəsinə öldürülən qadınların, qocaların və körpələrin obrazları canlandırılıb. Sərgidə yerləşdirilən məlumat lövhələrində ziyarətçilərə Xocalı soyqırımı haqqında informasiyalar təqdim edilib.
Tədbirdə çıxış edən T.Əhmədov bildirib ki, Meyn ştatında hər il Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq və erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. İcmanın səyləri nəticəsində Meyn ştatının qanunvericiləri Xocalı soyqırımının anılmasına dair sənəd qəbul ediblər. Həmin sənəddə ABŞ-ın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi siyasəti müdafiə olunub.
İcma rəhbəri qeyd edib ki, məqsədləri – Xocalıda baş verən dəhşətləri daha çox amerikalıya çatdırmaqdır: "Ötən illər ərzində buna bir qədər nail olmuşuq. Ancaq davam edəcəyik. Bu sərgidə nümayiş olunan rəsmlərdə faciənin reallıqları əks etdirilib. İnanırıq ki, haqq səsimiz eşidiləcək, soyqırımı törədən canilər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər".

Xocalı faciəsi 2020-03-10 16:04:00