×
A
A
A
Sazlamalar

Türkiyədə təhsil alan azərbaycanlı gənclər Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçiriblər

İstanbul, 7 mart, AZƏRTAC

Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları bir araya gələrək “Xocalı: Qar üstünə qan yağdı” adlı anım mərasimi təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Düzce Universitetində keçirilən mərasim bu ali təhsil ocağının Türk Dünyası Birliyinin təşkilatçılığı, Düzce Alperen Ocaqları və Düzce Beynəlxalq Tələbə Dərnəyinin dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımını bütün insanlığa qarşı dəhşətli cinayət adlandırıb, bu cür faciələrin təkrarlanmaması üçün türk dünyasının bütün gənclərini birləşməyə çağırıblar. Çıxışçılar dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verməsinin vacibliyini vurğulayıblar.
Mərasimdə universitetin müəllim-tələbə heyəti, Türk Dünyası Birliyinin sədri Saqi Nəbiyev, Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyinin sədri Vüqar Nəsirov, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay, Manisa Azərbaycanlı Tələbələr Birliyinin sədri Coşqun İsmayılov və Kocaeli Azərbaycanlı Tələbələr Birliyinin sədri Akif Katano iştirak ediblər.
Mərasimdən sonra tədbir iştirakçıları Xocalıya ədalət naminə yürüş keçiriblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2020-03-07 13:28:00