×
A
A
A
Sazlamalar

İspaniya mətbuatında ölkəmizdəki parlament seçkiləri və Xocalı soyqırımı barədə məqalələr dərc edilib

Madrid, 7 mart, AZƏRTAC

İspaniyanın böyük oxucu kütləsinə malik “La Razon” qəzetində və “Diplomacia Siglo XXI” jurnalında Azərbaycanda keçirilmiş parlament seçkiləri və Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı geniş məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Diplomacia Siglo XXI” jurnalının fevral ayı buraxılışında dərc olunmuş “Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri” sərlövhəli məqalədə fevralın 9-da keçirilmiş seçkilərin Azərbaycanın Konstitusiyası, Seçki Məcəlləsi və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq, azad, demokratik və şəffaf şəraitdə baş tutduğu qeyd edilir.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə ərazisində 523 seçki məntəqəsi yaradılıb.
Məqalədə qeyd edilir ki, bu parlament seçkiləri Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələnin təzahürüdür.
Həmin jurnalda, habelə “La Razon” qəzetində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı dərc edilmiş məqalələrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində qətliam törədildiyi, faciə nəticəsində uşaqların, qadınların, qocaların amansızlıqla qətlə yetirildiyi, ümumilikdə, şəhərin xəritədən silindiyi qeyd olunur.
Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyi, 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi qəbul edildiyi diqqətə çatdırılır.
Xüsusi olaraq vurğulanır ki, 2020-ci ilin fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrdə Prezident İlham Əliyev tərəfindən münaqişənin tarixi, hüquqi aspektləri, beynəlxalq ictimaiyyətin mövqeyi və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xocalı faciəsi 2020-03-07 12:09:00