×
A
A
A
Sazlamalar

Mavritaniya mətbuatı: Xocalı... XX əsrin unudulmaz faciəsi

Rabat, 7 mart, AZƏRTAC

Mavritaniyanın “Axbar Əl-Vatan” və “Əl-Cumhuriyyə” saytlarında Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifliyi ilə “Xocalı... XX əsrin unudulmaz faciəsi” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi, ilk növbədə, xaricdəki himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürülməsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü tarixi barədə söz açıb.
Bildirilib ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Müəllif qeyd edir ki, həmin təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilib, onların bir qismi öldürülüb və şikəst edilib.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycanın Milli Məclisi Xocalı faciəsinə siyasi-hüquqi qiymət verib. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Qeyd olunur ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası başladılıb. Onlarla ölkədə dəstək qazanmış kampaniyanın məqsədi faciənin gələcəkdə təkrarlanmaması üçün Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılmasıdır.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Xocalı faciəsi 2020-03-07 11:16:00