×
A
A
A
Sazlamalar

Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsində yenidənqurma işləri aparılır

Bakı, 6 mart, AZƏRTAC

Abşeron rayonunun Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinin yenidən qurulması işləri həyata keçirilir. Uzunluğu 2 kilometr olan küçə Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək həm yolboyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış hissələrinə qrunt tökülərək yayılıb və kipləşdirilib. Ardınca isə yol əsasının inşası həyata keçirilib. Küçənin səki hissələri də yenidən qurulub, kənarlarına 4 min poqonmetr yeni səki daşları düzülüb və hərəkət hissəsi yeni asfalt-beton örtüklə örtülüb. Növbəti mərhələ üzrə artıq küçənin 16 min kvadratmetr sahəsinə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfüqi nişanlanma xətləri ilə təmin ediləcək.

Tikinti̇ 2020-03-06 17:26:00