×
A
A
A
Sazlamalar

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” mövzusunda tədbir keçirilib

Bakı, 5 mart, AZƏRTAC

İkinci Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 5-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məqsəd fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə fərdi məlumatların mühafizəsi məsələsinin müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Fərdi məlumatlar bilavasitə kibertəqiblərin tərkib hissəsi sayılır, yəni həyata keçirilən hücumlar daha çox fərdi və digər potensial məlumatların əldə edilməsinə yönəldilir”, – deyə nazir müavini bildirib.
E.Vəlizadə Avropada fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin 1981-ci ildən həyata keçirilməyə başlandığını qeyd edib. O, fərdi məlumatların mühafizəsinin tələblərinə ciddi riayət edilməsini önə çəkərək ölkəmizdə qəbul olunmuş “Fərdi məlumatlar haqqında Qanun”un təkmilləşdirilməsi üzərində işlərin aparıldığını, yeni qanun layihəsinin işləndiyini diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas fərdi məlumatlar sahəsində normativ-hüquqi tənzimləmə, aktual və praktiki problemlərdən söz açaraq fərdi məlumatların etibarlı mühafizəsi üçün kompüter, mobil telefon şifrlərinin düzgün seçilməsinin önəmindən danışıb. K.Yankauskas kiberməkanda qaydaların təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində məlumatların, o cümlədən qanunun aliliyinin qorunub saxlanması və sair məsələlərin həllinin Avropa İttifaqının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu nəzərə çatdırıb. O, “Şərq Tərəfdaşlığı” ölkələri, eləcə də Azərbaycanla bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini qeyd edərək ölkəmizdə həyata keçirilən işləri dəstəklədiklərini söyləyib.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov 7 il öncə martın 5-də Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətə başladığını qeyd edib. O, informasiya və kommunikasiya texnologiyalarının inkişafının fərdi məlumatların genişlənməsinə səbəb olduğunu, bunun isə nəticə etibarilə yeni baxışların formalaşmasını tələb etdiyini, həmçinin bu sahədə maarifləndirmənin böyük önəm kəsb etdiyini vurğulayıb.
Daha sonra Avropa Şurasının Məlumatların mühafizəsi üzrə qrupun məsləhətçisi Peter Kimpian “Konvensiya 108: qlobal məlumat təhlükəsizliyi standartı” adlı məruzə ilə çıxış edib. P.Kimpian Avropa Şurası tərəfindən bu məsələlərin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb.
“Prosol” QSC-nin baş texniki direktoru, fərdi məlumatların mühafizəsi üzrə ekspert Kapeluşnik Nir məruzə ilə çıxış edərək qanun və qaydaların tətbiqi, hökumət tərəfindən maarifləndirmə, fərdi məlumatların mühafizəsində mövcud problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin çox önəmli olduğunu diqqətə çatdırıb.
Fərdi məlumatların mühafizəsi hüququ üzrə mütəxəssis Olqa Demian “Fərdi məlumatların subyektinin hüquqları, onların tətbiqi və qorunmasının xüsusiyyətləri”, İnformasiya texnologiyaları üzrə auditor İlqar Əliyev “Fərdi məlumatlar üzrə hüquqlarımız və məsuliyyətimiz”, “AİSTGroup” MMC-nin layihə rəhbəri Babək Əliyev “Fərdi məlumatlardan istifadənin təşkili”, “Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyinin eksperti “Ernst & Young” şirkətinin fərdi məlumatların məxfiliyi ilə bağlı yanaşması və “GDPR”a doğru atılacaq addımlar” adlı məruzə ilə çıxış edib.
Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və digər ölkələrin ekspertləri iştirak ediblər.

İKT 2020-03-05 16:11:00