×
A
A
A
Sazlamalar

ABŞ Konqresinin üzvü Tim Rayan Xocalı qətliamı ilə bağlı bəyanat verib

Vaşinqton, 3 mart, AZƏRTAC
ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri, Ohayo ştatını təmsil edən demokrat konqresmen Tim Rayan Xocalı qətliamı ilə bağlı bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir. 28 il əvvəl 1992-ci ilin fevral ayında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğının insanları sarsıtmaqda davam etdiyi bildirilir.
Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 155 dinc Xocalı sakininin aqibətinin hələ də bəlli olmadığı diqqətə çatdırılır.
Beynəlxalq ictimaiyyətdən insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Konqres üzvü Xocalıda baş verənlərin unudulmamasının və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır.
Konqres üzvünün bəyanatı ilə https://www.congress.gov/116/crec/2020/02/27/modified/CREC-2020-02-27-pt1-PgE224.htm internet səhifəsində tanış olmaq mümkündür.
AZƏRTAC-ın Vaşinqton bürosu

Siyasət 2020-03-03 17:01:00