×
A
A
A
Sazlamalar

Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Vaşinqton, 3 mart, AZƏRTAC
Azərbaycanın Perudakı diplomatik missiyasının təşkilatçılığı ilə Lima şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Perudakı səfiri və səfirliyinin əməkdaşları, Perunun “Tətbiqi Elmlər Universiteti”nin (UPC) professor və tələbələri, digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra diplomatik missiyanın müvəqqəti işlər vəkili Mehdi Məmmədov iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Ermənistanın 1988-ci ildə Azərbaycana qarşı başladığı hərbi təcavüzün və Azərbaycan xalqına qarşı yönəlmiş etnik təmizləmə siyasətinin davamı olaraq keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə erməni ordusu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində qanlı cinayət törədib, şəhəri tərk etməyə çalışan dinc əhalinin böyük hissəsi qətlə yetirilib.
Xocalı soyqırımının yeni tarixin insanlığa qarşı törədilmiş ən qanlı cinayət hadisələrdən olduğunu diqqətə çatdıran diplomat bu qanlı cinayəti törədənlərin Azərbaycan xalqını suverenlik və ərazi bütövlüyü uğrunda haqlı mübarizədən çəkindirmək məqsədini güddüyünü qeyd edib.
Bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ regionundan əlavə daha 7 rayon işğal edilib, nəticədə bir milyona yaxın azərbaycanlı məcburi köçkünə çevrilib.
Diplomat Azərbaycan dövlətinin Xocalı soyqırımı haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyəti barədə danışıb, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyasının bu istiqamətdə olduqca vacib rol oynadığını bildirib.
M.Məmmədov Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyini, Xocalı qətliyamının təşkilatçılarının layiq olduqları cəzanı alacaqlarını qeyd edib.
Sonra Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.
AZƏRTAC-ın Vaşinqton bürosu

Qan yaddaşı 2020-03-03 15:51:00