×
A
A
A
Sazlamalar

“Təhlükəsiz “Hökumət Buludu” mövzusunda müzakirələr aparılıb

Bakı, 3 mart, AZƏRTAC

İkinci Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 3-də “AzınTelecom” MMC-nin təşkilatçılığı ilə “Təhlükəsiz “Hökumət Buludu” mövzusunda tədbir keçirilib. Məqsəd “Hökumət Buludu” layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Hökumət Buludu” konsepsiyası və beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib.
Nazir müavini bildirib ki, “Hökumət Buludu” beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir. “Hökumət Buludu” dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəz infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, bulud xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatların əldə edilməsinə imkan verən “bulud” hesablama texnologiyasıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə ölkədə telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planında “Hökumət Buludu”nun yaradılması və fəaliyyətinin təmini qarşıya qoyulan mühüm vəzifələrdəndir.
O qeyd edib ki, həmin vəzifənin icrasını təmin etmək məqsədilə yaradılacaq “Hökumət Buludu”nun mahiyyətini açıqlayan, onun yaradılması əsaslarını müəyyənləşdirən “Hökumət Buludu” konsepsiyası hazırlanaraq təsdiq olunub. Hazırlanmış konsepsiya ölkədə dayanıqlı, təhlükəsiz və səmərəli e-hökumət infrastrukturunun inkişafına, dövlət qurumlarının informasiya ehtiyatlarına operativ, fasiləsiz çıxışın təmin edilməsinə, e-xidmətlərin yaradılması və göstərilməsinə tələb olunan xərclərin optimallaşdırılması, e-xidmətlərin genişləndirilməsi və məlumatların əldə edilməsinə artan tələbatın təmin olunmasına xidmət edir.
“AzınTelecom” MMC-nin Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev “Bulud texnologiyaları və “Hökumət Buludu” ilə tanışlıq” mövzusunda təqdimatla çıxış edərək şirkətin beynəlxalq səs trafiki, sertifikatlaşdırma və “Azcloud” xidmətləri sahəsindəki fəaliyyəti haqqında danışıb. R.Əliyev “Bulud xidmətləri”nin növləri, rezervlənmə xidməti, “Trend MicroDeep Security”, müştəri xidmətləri, “Azcloud” hökumət həlləri, IT xərcləri üzrə tendensiya, ənənəvi IT infrastrukturundan “bulud”a keçid haqda ətraflı məlumat verib.
“Hökumət Buludu” layihəsinin rəhbəri Ənvər Abbasov “Azcloud” hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik” mövzusunda danışaraq, layihə çərçivəsində aparılan işlər, “Hökumət Buludu”nun arxitekturası haqqında məlumat verib. Dövlət qurumlarında “bulud”a keçidlə bağlı atılacaq addımlardan söz açan Ə.Abbasov 2021-ci ildə ölkədə ilk “G-Cloud” binasının inşa ediləcəyini, həmçinin arxiv mərkəzinin yaradılacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov dövlət informasiya resurslarında təhlükəsizlik tədbirlərindən danışıb. T.Məmmədov 2017-ci ildən başlayaraq virtual oğurluq və saxtalaşdırma hallarının artdığını qeyd edərək kiberhücumlar, istifadə olunan metodlar, hakerlərin marağında olan məlumatlar, statistik rəqəmləri diqqətə çatdırıb.
Eyni zamanda, tədbirdə “Azcloud” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz “bulud” xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.
Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

İKT 2020-03-03 15:35:00