×
A
A
A
Sazlamalar

Ölkədə elektron hökumətin inkişafı üzrə qazanılmış nailiyyətlər “Hökumət Buludu”nun yaradılmasını zəruri edib

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanda elektron hökumətin inkişafı sahəsində qazanılmış nailiyyətlər, yaradılmış infrastruktur resursları ölkədə “Hökumət Buludu”nun yaradılmasını zəruri edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 3-də keçirilən “Təhlükəsiz “Hökumət Buludu” mövzusunda tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, “Hökumət Buludu” dövlət idarəçiliyində İKT-dən, onun verdiyi üstünlüklərdən daha səmərəli istifadə edilməsinə, mövcud infrastrukturun idarə edilməsinə və təkmilləşdirilməsinə, bunun vasitəsilə təmin olunan xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinin artırılmasına xidmət edir. O, “Hökumət Buludu”nun dövlət informasiya sistemlərinin müasir texnologiya əsasında mərkəzləşdirilmiş şəkildə təhlükəsiz mühitdə yerləşdirilməsinə, bu sistemlərin yaradılması və saxlanılması xərclərinin, eləcə də bu sahəyə məsul olan ixtisaslı kadrlara ehtiyac və məsrəflərin azaldılmasına imkan yaratdığını diqqətə çatdırıb: “Araşdırmalar göstərir ki, ABŞ və Avropada “bulud” texnologiyasının geniş istifadəsi başlıca prioritetlərdəndir. ABŞ-da vahid data mərkəz infrastrukturunun tam potensialından istifadə edilməklə bu sahədən əldə edilən real gəlirlərin vətəndaşların rifahına yönəldilməsi, həmçinin “bulud texnologiyası”nın tətbiqi ilə avadanlıq və proqram vasitələri üzrə xərclərin azaldılması həyata keçirilir”.
O bildirib ki, dövlət qurumlarında elektron xidmətlərin göstərilməsi, onların əhatə dairəsinin genişləndirilməsi və sistemlər arasında əlaqələrin yaradılmasına ehtiyacın ortaya çıxması da “Hökumət Buludu”nun yaradılmasını labüd edib. Bununla bağlı beynəlxalq təcrübəyə əsaslanan “Hökumət Buludu” konsepsiyası hazırlanıb.

İKT 2020-03-03 15:28:00