Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Əl-İslah və Ət-Tənmiyə” qəzeti:“Xocalı... XX əsrin unudulmaz faciəsi”

Rabat, 3 mart, AZƏRTAC

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun “Xocalı... XX əsrin unudulmaz faciəsi” sərlövhəli geniş məqaləsi dərc edilib.
Məqalədə qeyd olunur ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atıldı.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Bu təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal olunmuş digər ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilib, onların bir hissəsi öldürülüb və şikəst edilib.
Xocalı faciəsi ilə bağlı təkcə əcnəbilər deyil, eyni zamanda, ermənilərin özlərinin etdikləri etiraflar da mövcuddur. Jurnalist Tomas de Vaalın “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında göstərildiyi kimi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan öz etirafında dedi: “Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik”.
Xocalı hadisəsindən sonra bir çox dünya KİV-ləri ermənilərin təkcə Azərbaycan xalqına qarşı deyil, ümumiyyətlə, insanlıq əleyhinə yönəlmiş cinayətlərini işıqlandırıb. Onlardan biri olan fransız jurnalist Jan-iv Yunet belə yazırdı: “Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş günahsız meyit gördük. Bunlar qadınlar, uşaqlar, qocalar idi… Ermənilər bizi atəşə tutduqlarından çəkilişi axıra çatdıra bilmədik ... Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular...”.
Məqalədə vurğulanır ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərib: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı Sərəncamda deyilir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası başlanılıb. Onlarla ölkədə dəstək qazanmış kampaniyanın məqsədi bu faciənin gələcəkdə təkrarlanmaması üçün Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılmasıdır. Dünya miqyasında Azərbaycanın gördüyü işlər nəticəsində İslam Əməkdaşlıq Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra qərarlar qəbul edib. Xocalı soyqırımı dünyanın bir sıra ölkələrinin parlament səviyyəsində, ABŞ-ın 24 ştatının parlament səviyyəsində tanınıb.
“Beynəlxalq ictimaiyyət Xocalı soyqırımı ilə bağlı həqiqətləri öyrənməli və dərk etməlidir ki, XX əsrin sonunda dünyanın gözü qarşısında törədilmiş vəhşiliklərə, yüzlərlə günahsız insanın qətlə yetirən cinayətkarların cəzalandırılmamasına biganə qalmaq bu cür cinayətlərin təkrarlanmasına gətirib çıxara bilər”, - deyə məqalədə bildirilir.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat 

Xocalı faciəsi 2020-03-03 14:34:00