×
A
A
A
Sazlamalar

“Bitməyən əzab” sənədli filmi ermənilərin mülki əhaliyə qarşı qeyri-insani münasibətini faktlarla təsdiqləyir VİDEO

Paris, 2 mart, AZƏRTAC

Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfransın əsas məqsədi ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısına qoyulmuş vəzifələrdən birinin icrası ilə bağlı idi. Yəni, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş cinayət faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq. Bu Dövlət Komissiyasının əsas məqsədlərindən biridir. Komissiya illər ərzində münaqişə zamanı mülki əhalinin şahidliyi ilə baş vermiş beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasını əks etdirən faktları toplayıb. Bu faktlar əsasında sənədli filmlər, kitablar hazırlanıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransadakı səfirliyimizin və Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Parisdəki Mədəniyyət Mərkəzimizdə birgə təşkil etdiyi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda tədbirdən sonra Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Bildirib ki, bu hüquq pozuntularını əks etdirən faktlar müxtəlif əyani vəsaitlərdə toplanıb və “Bitməyən əzab” sənədli filmin hazırlanması prosesində də istifadə olunub. Filmdə nümayiş olunan faktlar bir neçə il əvvəl baş verib.
“Ermənilərin özlərini əsir və girovlara humanist davranış göstərmək, dünyaya humanist millət kimi təqdim etmək cəhdləri faktlarla puç edilir. Sənədli filmdəki faktlar onların vəhşiliklərini, əsil iç üzünü göstərir. Faktlarla sübut olunur ki, ermənilər mülki əhali ilə qeyri-insani davranıblar.
Bütün bu faktları toplamaq üçün Dövlət Komissiyası araşdırmalar aparıb, əsir və girov həyatı yaşamış insanlarla görüşüb. Filmdə ermənilərin guya humanist münasibət göstərdikləri əsir və girovların işgəncələrlə qətlə yetirildiyini aşkarlamışıq. Həmin əsir və girovların yaxınları, eləcə də əsirlik və girovluqda olub sonradan azad edilmiş insanlarla görüşmüşük”, -deyə E. Səmədov diqqətə çatdırıb.
Xatırladıb ki, sənədli film ilk dəfə ötən il Rotterdamda ingilis dilində, indi isə Fransada fransız dilində təqdim olunur.
Azərbaycan Prezidentinin hücum diplomatiyasına uyğun olaraq, bu istiqamətdə fəaliyyət davam etdiriləcək və Dövlət Komissiyasında olan çoxsaylı faktlar beynəlxalq ictimaiyyətə çatdırılacaq.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xocalı faciəsi 2020-03-02 15:50:00

Video