×
A
A
A
Sazlamalar

Nazir müavini: Ölkədə kibertəhlükəsizliyin artırılması üzrə kompleks tədbirlər görülür

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycanda kibertəhlükəsizliyin artırılması üzrə kompleks tədbirlər həyata keçirilir. İlk növbədə qanunvericiliyin əsasları yaradılır, standartlar təsdiq edilir, hazırlıq səviyyəsi yüksəldilir, infrastrukturların müasir texnologiyalarla təchiz edilməsi işləri görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, bütün bunlar ümumilikdə ölkəmizdə kibertəhlükəsizlik tədbirlərinin səviyyəsinin yüksəldilməsinə yönəlib: “Bu kompleks fəaliyyətdir, yalnız dövlət qurumlarını deyil, eyni zamanda, respublikanın bütün biznes strukturlarını, ictimai qurumları və fərdi istifadəçiləri əhatə edir. Bu baxımdan hazırda layihəsi hazırlanmış informasiya təhlükəsiziliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiyada xüsusi müddəalar nəzərdə tutulub, tədbirlər planlaşdırılıb”.
Nazir müavini sözügedən strategiyanın təsdiqindən sonra ölkəmizdə kibertəhlükəsizlik sahəsində fəaliyyətin daha da fəallaşacağına və daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.

İKT 2020-03-02 13:41:00