×
A
A
A
Sazlamalar

Nantdakı “Qarabağ” məktəbində Xocalı şəhidlərinin xatirəsi yad edilib

Paris, 29 fevral, AZƏRTAC

Fransadakı Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və dəstəyi ilə Nant şəhərində “Qarabağ” Azərbaycan məktəbində Xocalı soyqırımı ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan əsilli uşaqlara erməni silahlı qüvvələrinin Xocalıda mülki əhaliyə qarşı törətdiyi qeyri-insani qanlı soyqırımından danışılıb.
Azərbaycan Respublikası Gənclər Fondunun “Xaricdə təhsil proqramı”nın qalibi və Fransada təhsilini davam etdirən Fərid Muradov tədbiri açaraq Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası nəticəsində soyqırımı həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən qəbul olunması istiqamətində görülən işlərdən söhbət açılıb.
Assosiasiyanın sədri və “Qarabağ” Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalov bildirib ki, xüsusi əhəmiyyət daşıyan belə tədbirlərin əsas məqsədi məktəblilərə tariximizi, qan yaddaşımızı unutmamağı aşılamaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, Xocalı faciəsi ilə bağlı şagirdlərin məlumatlılığını artırmaqdır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Nant

Xocalı faciəsi 2020-02-29 21:22:00