×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada aksiya keçirilib VİDEO

Vyana, 29 fevral, AZƏRTAC

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi (Azer-DER) fevralın 29-da Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplats meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.
Küçədə qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. İştirakçılar üzərində “Xocalıya ədalət!” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar.
Dərnəyin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylər barədə danışıblar. Onlar Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə informasiya vərəqələri ilə yanaşı, matəmin rəmzi olaraq qərənfillər paylayıblar.
Tədbirin sonunda təşkilatın rəhbəri Yadım Günəş çıxış edərək Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının Ermənistan silahlı birləşmələri tərəfindən törədildiyini, dünya ictimaiyyətinin bu faciəyə obyektiv hüquqi qiymət verməli olduğunu bildirib.
Sonra Xocalı faciəsi barədə bəyanat səsləndirilib. Bəyanatda soyqırımı haqqında məlumat verilib, indiyədək dünyanın bir sıra ölkələri tərəfindən Xocalı soyqırımının tanındığı qeyd edilib. Bəyanatın yekununda Avstriya parlamenti Xocalı soyqırımı ilə bağlı öz mövqeyini bildirməyə və bu bəşəri cinayəti pisləməyə çağırılıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xocalı faciəsi 2020-02-29 18:41:00

Video