×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı Meksika mediasının diqqət mərkəzində

Vaşinqton, 29 fevral, AZƏRTAC 

Meksikanın ən çox oxunan ingilisdilli “Pulse News Mexico” qəzetində jurnalist Tereza Marqolisin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Soyqırımını anarkən” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə fevralın 26-da müasir tarixin ən dəhşətli və ən faciəvi soyqırımlarından birinin 28-ci ildönümünün qeyd olunduğu bildirilir. Müasir tarix kitablarında bu soyqırımı haqqında kifayət qədər məlumat olmasa da, bütün bir kəndin amansızcasına yer üzündən silinməsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağı qeyd edilir. Müəllif bəzi soyqırımların dünya ictimaiyyəti tərəfindən tanınıb qınandığına baxmayaraq, digərlərinin layiq olduğu qədər işıqlandırılmadığını təəssüf hissi ilə qeyd edir və həmin soyqırımlardan birinin 1992-ci ildə Xocalıda baş verdiyini oxucuların diqqətinə çatdırır.
Məqalədə, həmçinin Meksikanın dünyada Xocalı soyqırımını tanıyan ölkələr sırasında olduğu qeyd olunur. 28 il bundan əvvəl erməni hərbi birləşmələrinin Azərbaycan ərazisini işğal etdiyi və bütün bir kəndin yerlə yeksan olunduğu diqqətə çatdırılır. Eyni zamanda, Xocalı soyqırımı barədə ətraflı məlumatlar təqdim olunur. Erməni işğalçıları tərəfindən zülmə məruz qalan silahsız insanlardan bəzilərinin xüsusi qəddarlıqla qətlə yetirildiyi qeyd edilir.
Məqalədə, habelə beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını qınayan bəyanatlar yaydığı, “Human Rights Watch” kimi beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən pisləndiyi və BMT Təhlükəsizlik Şurası tərəfindən qətnamələrin qəbul edildiyi qeyd olunur.
Müəllif dünya ictimaiyyətinin qısa müddət ərzində Xocalı dəhşətlərini pislədiyinə baxmayaraq, indi bu soyqırımına lazımi diqqət yetirilmədiyini təəssüf hissi ilə qeyd edir. Xocalı əhalisinə qarşı törədilən cinayətlərin bütün bəşəriyyətə qarşı cinayət adlandıran müəllif ermənilərin niyyətinin Xocalını və onun əhalisini yer üzündən silmək olduğunu qeyd edir. Bildirilir ki, Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən hər il Xocalı şəhidlərinin xatirəsinə anım mərasiminin təşkil edilməsinə baxmayaraq, yerli mətbuat və insan hüquqları qrupları tərəfindən bu məsələyə daha böyük diqqət ayrılmalıdır.
Məqalədə dünya ictimaiyyətinə səslənən müəllif yazıb: “Xocalıda törətdikləri vəhşiliklərə görə Ermənistanın məsuliyyətə cəlb olunması üçün dünya ictimaiyyəti öz qəti mövqeyini bildirməlidir. Yalnız bundan sonra Ermənistanla Azərbaycan arasındakı mövcud münaqişə həllini tapa bilər”.
Azərbaycanın 20 faiz ərazisinin hələ də Ermənistanın işğalı altında olduğunu qeyd edən müəllif işğal nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü oxucuların diqqətinə çatdırır.
Qeyd olunmalıdır ki, Meksikanın “El Arsenal” və “El Mundo Para Ti” xəbər portallarında da jurnalist Sofia Salinasın Xocalı soyqırımı ilə bağlı geniş məqalələri dərc olunub.
AZƏRTAC-ın Vaşinqton bürosu

Siyasət 2020-02-29 12:13:00