×
A
A
A
Sazlamalar

Salonikidə Xocalı soyqırımına aid fotosərgi açılıb

Saloniki, 28 fevral, AZƏRTAC

Salonikidə yerləşən "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin qərargahında "Xocalı soyqırımını unutma" adlı fotosərgi və anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə bərabər Türk Cümhuriyyətinin Saloniki şəhərindəki baş konsulu Efe Ceylan, konsulluğun əməkdaşları, Saloniki şəhərində Gürcüstan Respublikasının Konsulluğunun əməkdaşları, Türk gənclər və yunan tələbələr də iştirak ediblər.
Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən gecəni Azərbaycanın tarixində təkcə faciə yox, Azərbaycan xalqına qarşı soyqırımı olduğunu qeyd edib. Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməməsi, öz yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının bərpa edilməməsindən 28-il keçməyinə baxmayaraq hələ də dünya birliyinin susduğu nəzərə çatdırılıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın əzəli torpaqları tezliklə azad olunacaq, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Türkiyənin Salonikidə baş konsulu Efe Ceylan çıxışında Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbir diləyib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib. Xocalı qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Tədbir iştirakçılarına Xocalı soyqırımına aid videomateriallar və broşürlər təqdim olunub.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki

Xocalı faciəsi 2020-02-28 12:43:00