×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Türkiyədə müxtəlif görüşlər keçirir

İstanbul, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli və Milli Qəhrəman Vahid Quliyevdən ibarət nümayəndə heyətimiz İstanbulda daha bir görüşün iştirakçısı olublar.
AZƏRTAC xəbər verir ki, onlar İstanbulda Qalatasaray Universitetində Xocalı soyqırımı ilə bağlı paneldə iştirak ediblər.
Paneldən əvvəl universitetin müəllim-tələbə heyətinə Xocalı soyqırımına dair bukletlər paylanılıb.
Tədbirdə Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı faciə barədə məlumat verilib, mövzuya dair fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbir iştirakçılarına Xocalı soyqırımı, Azərbaycan-Türkiyə tarixi, Qarabağ müharibəsi ilə bağlı nəşrlər, kitab və jurnallar hədiyyə edilib.
Panelin təşkilatçılarında olan, Bakıda ali təhsil almış türkiyəli həkim və ictimai xadim Xalid Gökalp Küçük çıxışında bu toplantının Qalatasaray Universitetinin tarixində, eləcə də tələbələrin hafizəsində unudulmaz iz buraxacağını söyləyib.
Nümayəndə heyətimiz İstanbul səfəri çərçivəsində Rumeli Balkan Strateji Araşdırmalar Mərkəzinin ofisini də ziyarət ediblər. Görüş zamanı mərkəzin sədri, istefada olan polkovnik Süheyl Çobanoğlu Xocalı soyqırımının Türkiyə ilə yanaşı, Balkan türklərini də dərindən sarsıtdığını bildirib.
Görüşün təşkilatçısı və qurumun sədr müavini Xalid Gökalp Küçük Xocalının Azərbaycan və Balkan türklərinin ortaq dərdi olduğunu qeyd edib.
Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı nəşrlər bu qurumun kitab fonduna bağışlanıb.
Qeyd edək ki, nümayəndə heyətimizin Xocalı soyqırımı ilə bağlı Türkiyə səfərləri davam edir.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Qan yaddaşı 2020-02-28 06:35:00