×
A
A
A
Sazlamalar

Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Kiyev, 27 fevral, AZƏRTAC

Kiyevdə, Səməd Vurğun adına kitabxanada tarixi həqiqətlərin dünyaya çatdırılmasında, informasiya müharibəsinə qarşı mübarizədə jurnalistlərin roluna həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk deyib: “Jurnalistlər tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında son dərəcə əhəmiyyətli rol oynayırlar. Buna görə də biz bu gün Azərbaycan, bütövlükdə bəşəriyyət tarixinin faciəli səhifəsinə - 613 dinc sakinin xüsusi qəddarlıqla qətlə yetirildiyi Xocalı soyqırımına diqqət ayırmaq istəyirik. İctimaiyyətimizin bu faciədən xəbərdar olması, digər soyqırımları kimi, onun da layiqli qiymət alması çox əhəmiyyətlidir. Ukraynalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsinin tarixi reallıqları barədə lazımi şəkildə məlumatlandırılmalı, həqiqətin və ədalətin tərəfində olmalıdırlar”.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov qeyd edib ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını pisləyən bəyanatı digər ölkələrin parlamentlərindən daha əvvəl qəbul edib. “İndi vəziyyət əsaslı şəkildə dəyişib, bu da dünyada Azərbaycanın müsbət imicinin formalaşdığını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ədalətli informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında istər rəsmi şəxslərin, istərsə də ictimaiyyətin səmərəli iş apardığını göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” kampaniyası Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınması işinə böyük töhfə verib. Bizim işimiz haqq işidir. Biz bu soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və bu vəhşiliyi törətmiş, əli günahsız qocaların, qadınların və uşaqların qanına bulaşmış cinayətkarların cəzalandırılması uğrunda mübarizəmizi davam etdirəcəyik. Cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”, - deyə Kamal Xəlilov bildirib.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik və Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının böyük elmi işçisi Aleksandr Dudnik çıxış ediblər. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixindən danışıblar və diqqəti Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti üzərində cəmləyiblər.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib, habelə Xocalı hadisələrinə dair ədəbiyyat təqdim edilib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xocalı faciəsi 2020-02-27 21:41:00