Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi İordaniyada anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığının Səfirliyinin inzibati binasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Türkiyə və Qazaxıstanın İordaniyadakı səfirləri İsmayıl Aramaz və Aydarbek Tumatovun, Fələstin Dövlətinin səfirliyinin Baş müşaviri Hətim Kəyidin, eləcə də senator xanım Təğrid Hikmətin, “Petra” Dövlət İnformasiya Agentliyinin jurnalisti Saleh əl-Ğsunun, yazıçı-publisist Ömər əl-Armutinin və Azərbaycan SSR-də təhsil almış iordaniyalıların qatıldıqları tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səfir R.Rzayev Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edərək, onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi vurğulayıb, soyqırımı barədə mərasim iştirakçılarına məlumat verib.
Azərbaycan diplomatı Xocalı qətliamına bir sıra ölkələrin qanunverici orqanları tərəfindən hüquqi qiymətin verildiyini və bu xüsusda, İƏT Xarici İşlər Nazirləri Şurası, İslam Zirvə Konfransı, Parlament İttifaqının sessiyalarında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələrin qəbul edildiyini qonaqların diqqətinə çatdırıb, İordaniya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş qətnaməyə görə Azərbaycan xalqı adından təşəkkürünü ifadə edib.
Səfir, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsindən söhbət açaraq, onun tarixindən və nəticələrindən danışıb. O, qardaş İordaniyanın münaqişənin həllində ölkəmizi dəstəkləyən mövqeyini təqdir edib.
Sonra çıxış edən senator xanım T.Hikmət İordaniya Senatında qəbul olunan Xocalı soyqırımına dair qətnamədən söz açaraq, həmin sənədin məzmunu barədə məlumat verib. O, həmçinin Krallığın Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycan dövlətinin yanında olmaqda davam edəcəyini, münaqişənin tezliklə haqqın sahibi olan ölkəmizin xeyrinə həll ediləcəyinə ümidvar olduğunu bildirib, Prezident İlham Əliyevə həm münaqişənin həllində, həm də Azərbaycanın inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb.
Yazıçı-publisist, “İordaniya-Azərbaycan əlaqələri” və “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitablarının müəllifi Ö.Əl-Armuti münaqişə barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələri tərifindən təbliğat prosesinin gücləndirilməsinin vacibliyini vurğulayıb, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş cinayəti qınayıb.
Qonaqlara Bakı Media Mərkəzi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” tərəfindən hazırlanmış Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş videoçarx və fotosərgi nümayiş etdirilib.
Anım mərasimi ehsan süfrəsi ilə davam edib.

Xocalı faciəsi 2020-02-27 19:37:00