×
A
A
A
Sazlamalar

Türkiyə parlamentində “Xocalı tarixin qan yaddaşı” adlı sərgi açılıb VİDEO

Ankara, 27 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində (TBMM) rəsm sərgisi və konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində rəsmi şəxslər, diplomatlar, TBMM-nin üzvləri, KİV nümayəndələri iştirak ediblər.
“Emedia Group”un tərəfindən təşkil olunan “Xocalı tarixin qan yaddaşı” adlı sərgidə Xocalı soyqırımı ilə yanaşı, 2016-cı il iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişinə cəhd hadisələrinin acılarını əks etdirən tablolar sərgilənib.
Azərbaycan və Türkiyənin tarixin bütün dövrlərində bir-birinin yanında olduğunu diqqətə çatdıran səfir Xəzər İbrahim vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin birliyinə əlavə güc verir. Səfir qeyd edib ki, fevralın 25-də dövlət başçılarının Bakıdakı birgə bəyanatları işğalçı Ermənistana tutarlı bir mesajdır.
Xocalı soyqırımını ötən əsrdə törədilən ən ağır bəşəri cinayətlərdən biri olduğunu diqqətə çatdıran Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının bu təcavüz nəticəsində yurd-yuvasından didərgin düşməsi beynəlxalq hüquqa və prinsiplərə ziddir. Cənubi Qafqazda sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə mümkündür. Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etməlidir.
Şəhidlik haqqında dəyərli ifadələr səsləndirən parlament sədri deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin təməlində qardaşlıq dayanır. Azərbaycan ilə Türkiyənin keçmişi bir olduğu kimi, gələcəyi də bir olacaqdır.
Konfransın girişində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolardan ibarət videoçarx nümayiş olunub.
Sonra Türkiyə parlamentinin üzvü Halil Özşavlı Xocalı soyqırımının səbəb, məqsəd və nəticələrindən danışıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2020-02-27 17:50:00

Video