×
A
A
A
Sazlamalar

1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə xalqımızın qanlı göz yaşları ilə yazılıb

Ağdam, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Həmin gün Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin xüsusi qəddarlıqla qətlə yetirilməsi bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində keçirilən "Xocalını unutmayaq" adlı tədbirdə səsləndirilib. Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin, Zənkişalı kənd mədəniyyət evinin, Rzalar kənd klubunun kollektivinin, Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Zənkişalı mədəniyyət evinin direktoru Fikrət Alıyev, Qarabağ müharibəsi veteranı Saleh Cabbarov və başqaları çıxış edərək, Xocalı faciəsinin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar.
Tədbirdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunub. Sonda faciədən bəhs edən film göstərilib.

Regionlar 2020-02-27 15:22:00