×
A
A
A
Sazlamalar

Kişineuda Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Kişineu, 27 fevral, AZƏRTAC

Kişineu şəhərində Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə yerli hakimiyyət nümayəndələri, ictimai xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, tarixçilər, yerli KİV nümayəndələri, azərbaycanlı və türk tələbələr, o cümlədən Moldovada yaşayan soydaşlarımız iştirak edib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Xocalı zülmət bir gecə” adlı film nümayiş olunub.
Tədbirdə “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, əslən Xocalıdan olan Səriyyə Müslimqızı çıxış edərək, Xocalıda şahid olduğu dəhşətli anlardan bəhs edib.
Tədbir zamanı S.Müslimqızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” adlı kitabının təqdimatı keçirilib. Kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı zamanı qətlə yetirilmiş 63 uşağın faciəli həyatına həsr olunub.
Moldova Millətlərarası Agentliyinin direktoru Nikolay Reditse çıxışında Xocalı qətliamının bəşər tarixinin digər dəhşətli səhifələri ilə bir sırada durduğunu söyləyərək, soyqırımı törədən cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Tarix elmləri doktoru Ruslan Şevçenko çıxışında Xocalı qətliamının arxasında Ermənistanın siyasi-hərbi rəhbərliyinin dayandığını, bu faciənin işğalçı ölkənin azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu vurğulayıb. O qətliamı törədən cinayətkarların tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlarını və Xocalı ilə bağlı ədalətin bərqərar olacağına ümidini ifadə edib.
Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Esra Şən çıxış edərək ölkəsinin Azərbaycan xalqının acısını bölüşdüyünü, dünya ictimaiyyəti tərəfindən bu faciəyə düzgün hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini qeyd edib. Türkiyəli diplomat ermənilərin hələ XX əsrin əvvəllərində oxşar hadisələrin türk xalqının başına gətirmək və sonra uydurma “soyqırımı” bəsləmək cəhdlərini xatırladıb.
Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidov çıxışında Xocalı faciəsinin Azərbaycan tarixində ən dəhşətli səhifələrindən biri olduğunu söyləyib, erməni faşistlərinin əsl üzünü göstərən Xocalı qətliamı barədə həqiqətlərin xaricdəki diasporumuz tərəfindən geniş təbliğ olunmasının və dünya birliyinə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyinin direktoru Aureliya Qriqoriu “Xocalıya ədalət!” şüarlarının artıq dünyanın bütün tribunalarından səsləndiyini, Moldovanın Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü söyləyib.
Tədbirə yekun vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Xocalı soyqırımı haqqında məlumat verib. Səfir Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Xocalıda törədilən qətliamla utanmadan lovğalandığını, britaniyalı jurnalist Tomas de Vala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda qırıldığını etiraf etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Xocalı faciəsinin xüsusi qəddarlıqla törədildiyini qeyd edən diplomat bildirib: “1992-ci ilin soyuq qış gecəsində şəhəri tərk etməyə məcbur olan Xocalı əhalisi dağlara, meşələrə qaçsa da, silahlı erməni quldurları dinc sakinləri güllələyib, onlara amansız işgəncələr veriblər. Bu insanları ancaq azərbaycanlı olduqlarına görə qətlə yetiriblər”.
Q.Osmanov qeyd edib ki, hələ 1980-ci illərin sonlarından başlayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda separatizmi və terrorizmi açıq şəkildə dəstəkləməsinə görə məsuliyyət daşıyır. Məhz bu siyasət nəticəsində Azərbaycana qarşı müharibəyə başlayan Ermənistan ərazilərimizin 20 faizini işğal edib, zəbt olunmuş torpaqlarda və Ermənistanda bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirib.
O, gələcəkdə bu cür dəhşətlərin yaşanmaması üçün faciənin beynəlxalq aləmdə tanıdılmasının, beynəlxalq ictimaiyyət və birlik tərəfindən ona əsl hüquqi qiymətin verilməsi üçün bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının böyük rol oynadığını bildirib.
Dağlıq Qarabağ münaqişənə toxunan səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, ölkəmizin beynəlxalq səviyyədə əldə olunan nailiyyətlərindən söz açıb. Diplomat diaspor üzvlərinə müraciət edərək, onları faciənin tanıdılmasında fəallıq göstərməyə, o cümlədən həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda gənclərimizi fədakar və təşəbbüskar olmağa çağırıb.
Azərbaycan diasporunun fəalları Maarif Allahverdiyev və Marif Rəhimov çıxış edərək, Xocalı soyqırımının dünyada, o cümlədən Moldovada tanınması, bu istiqamətdə müəyyən işlərin aparılmasının vacibliyini vurğulayıblar.
Sonda “Unutmaq olmaz - Xocalı soyqırımı” adlı rəsm müsabiqəsinin qalibləri elan edilib və təltif olunublar.
Moldova Milli Tarix Muzeyinin foyesində Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil edilib.
Tədbir Moldova KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu 

Xocalı faciəsi 2020-02-27 15:19:00