Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsveç qəzetində Xocalı soyqırımına həsr olunan “Mən şahidəm” məqaləsi dərc edilib

Stokholm, 27 fevral, AZƏRTAC

İsveçin “Blekinge Läns Tidning” qəzetində Xocalı soyqırımına həsr olunan “Mən şahidəm” məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə İsveçdə yaşayan azərbaycanlı bloqqer və jurnalist Vahid Qazinin xatirələri əsasında yazılıb. O, bir gecənin içində Xocalı şəhərinin yer üzündən silinməsindən, ermənilərin 613 nəfəri amansızlıqla qətlə yetirməsindən, 487 nəfərin şikəst edilməsindən, 1275 dinc sakinin – qoca, uşaq, qadının ağlasığmaz işgəncələrə məruz qalmasından bəhs edib. Bildirilib ki, bu hadisələr tarixin hansısa uzaq əsrlərində deyil, 1990-cı illərin əvvəlində baş verib, BMT-nin 50, ATƏT-in 20 yaşı olanda, iki dünya müharibəsindən sonra sivilləşən, humanistləşən dünyanın gözü qarşısında. Ruandada, Bosniyada baş verən hadisələrə siyasi qiymət verildi, bu qırğınları törədənlərə soyqırımı iddiası ilə məhkəmə quruldu, cəzalar verildi, Xocalı qətliamını törədənlərə isə yox. Əksinə, həmin vaxt separatçıların lideri olmuş Robert Köçəryan əvvəl Ermənistanda baş nazir oldu, sonra prezident seçildi. O, xarici ölkələrdə qəbul edildi, BMT kürsüsündən demokratiya, insan hüquqlarından söz açdı, Avropa Şurası Parlament Assambleyasında etdiklərindən qəhrəman kimi fəxrlə danışdı. Həmin dövrdə Qarabağdakı erməni ordusunun başında duran, bu qətliama başçılıq edən Serj Sarkisyan da əvvəl baş nazir, sonra prezident oldu. Görün o, “Qara bağ” kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vaalla söhbətində Xocalıda dinc sakinlərə qarşı genosid cinayətinin törədilməsini necə “səmimi” şəkildə etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu təsəvvürü alt-üst etdik”.
Müəllif yazır ki, Xocalının qisası Ermənistanda başqa bir “Xocalı qırğını“ törətməklə alına bilməz. Bu qırğının baiskarları beynəlxalq ədalət məhkəməsinə veriləndə və bu faciəyə görə erməni ziyalıları, sonra da bütün erməni xalqı səmimi şəkildə təəssüf və xəcalət çəkəndə (almanlar Holokosta görə xəcalət çəkdikləri kimi) məsələyə son qoyulacaq. Ədalətin bərpa olunması düşmənə nifrətdən yox, vətənə sevgidən keçir.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xocalı faciəsi 2020-02-27 14:45:00