Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

LA RAZON qəzeti: Tarixin ən qəddar soyqırımlarından birinin törədilməsindən 28 il ötür

Madrid, 27 fevral, AZƏRTAC

İspaniyanın böyük oxucu kütləsinə malik LA RAZON qəzetində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Tarixin ən qəddar soyqırımlarından birinin törədilməsindən 28 il ötür” sərlövhəli məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində soyqırımı cinayətinin törədildiyi, qətliam nəticəsində uşaqların, qadınların, qocaların amansızlıqla qətlə yetirildiyi, ümumilikdə, şəhərin xəritədən silindiyi qeyd olunur.
Yazıda vurğulanır ki, Ermənistan “Dənizdən dənizə Ermənistan” ideologiyası altında Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib, Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş ən dəhşətli cinayət Xocalı soyqırımı olub. 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkin düşüb.
Erməni silahlıları dinc azərbaycanlılara qarşı amansızcasına divan tutmaqla kifayətlənməyib, qadağan olunmuş kimyəvi silahlardan, iri kalibrli mərmilərdən istifadə ediblər.
Diqqətə çatdırılır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın həmin ərazilərdə yaratdığı oyuncaq rejim dünyanın heç bir dövləti tərəfindən tanınmır.
Xüsusi olaraq vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə baxmayaraq, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayəti törətmiş şəxslərin hələ də cəzalandırılmaması təəssüf doğurur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid 

Xocalı faciəsi 2020-02-27 14:36:00