×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondunun Çin yuanındakı investisiyalarının dəyəri artıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Çin yuanındakı investisiyalarının dəyəri artıb.
Bu sözləri Çində baş verən hadisələrin Neft Fondunun oradakı yatırımlarına təsirini AZƏRTAC-a şərh edərkən fondun icraçı direktoru İsrafil Məmmədov deyib.

O bildirib ki, vəsaitlərin gəlirliliyinin ölçülməsi portfeldəki aktivlərin ifadə olunduqları hər bir valyuta üzrə ayrılıqda aparılır, eyni zamanda, ümumi portfelin də gəlirliliyinin hesablanması müvafiq valyutalar üzrə investisiya dəyərinin portfeldəki payına uyğun olaraq həyata keçirilir. Neft Fondunun valyuta vəsaitlərinin əsas gəlirlilik göstəricisi məhz aktivlərdən kupon (dividend, icarə haqqı), eləcə də əsas kapitalın dəyərinin dəyişməsi nəticəsində əldə edilən gəlirlərdir. ARDNF 2015-ci ilin iyunundan etibarən Çin yuanında ifadə olunan aktivlərə investisiya edir və bu investisiyaların həcmi 3 milyard Çin yuanı təşkil edib. Ötən dövr ərzində bu yatırımların dəyəri artaraq 2019-cu ilin sonuna 3,5 milyard Çin yuanına bərabər olub.
“Eyni zamanda, Dövlət Neft Fondunun vəsaitlərinin bazar dəyəri müvafiq qanunvericiliyə əsasən investisiya portfeli üçün baza valyutası olan ABŞ dollarında da təqdim olunur. Məzənnə dəyişkənliyi hər bir aktiv növü üzrə onun ABŞ dollarında olan ümumi gəlirliliyini təşkil edən komponentlərdən yalnız biridir (əsas kapitalın dəyəri və kupon komponentləri ilə yanaşı). Bununla da aktivlərin mənfi məzənnə dəyişkənliyinə baxmayaraq, digər komponentlərin ümumi gəlirliliyə toplam müsbət töhfəsi nəticəsində Çin yuanında ifadə olunan aktivlərə investisiyaların başlanılma tarixindən etibarən olan dövr ərzində sözügedən aktivlər üzrə ABŞ dollarında da ümumilikdə müsbət gəlirlilik müşahidə edilib. ARDNF-in vəsaitlərinin idarə olunması strategiyası uzunmüddətli dövr üçün nəzərdə tutulub və maliyyə bazarlarındakı qısamüddətli dalğalanmalardan, xüsusilə məzənnə dəyişikliklərindən yarana biləcək zərərin fondun vəsaitlərinin artım tempinin dayanıqlılığına təhlükə və ya Neft Fondu üçün birbaşa itki hesab edilməsi reallığı tam şəkildə əks etdirmir”, - İ.Məmmədov qeyd edib.
Müsahibənin tam mətni

 

Neft - qaz 2020-02-27 14:14:00