×
A
A
A
Sazlamalar

Keçmiş döyüşçü: Xocalıda dinc sakinlərə qarşı edilən vəhşilikləri sözlə ifadə etmək çox çətindir

Ağdam, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 sakin şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Keçmiş döyüşçü - Ağdam rayonunun Zəngişalı kənd sakini Saleh Cabbarov AZƏRTAC-ın müxbiri ilə söhbətində 28 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb. O deyib: “Faciədən sonra xocalılara kömək etmək üçün Əsgəran istiqamətinə yollandıq. Xocalı camaatı xilas olmaq üçün dəstələr halında müxtəlif istiqamətlərdə hərəkət edirdilər. Fevralın 26-sı səhər Qaraqaya yüksəkliyinə çatanda artıq Ağdamdakı “Qarabağ Şahinləri” taborunun könüllüləri buradakı erməni postunu ələ keçirmişdi. Qaraqaya yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmiş dinc sakinlərin cəsədlərini gördük. Onlar Xocalıdan Ağdama qaçarkən ermənilər tərəfindən vəhşiliklə qətlə yetirmişdilər. Könüllü döyüşçülər, eləcə də mülki vətəndaşlar cəsədləri Ağdama daşıyırdılar. Biz Xocalıya doğru irəlilədik. Hər tərəfdə ermənilərin vəhşiliklərinin şahidi olurduq. Qadınlar, qocalar, körpə uşaqlar ağlasığmaz qəddarlıqla öldürülmüşdülər. Rəhmətlik reportyor Çingiz Mustafayev də qətlə yetirilmiş xocalılıları çəkirdi. Dinc sakinlərə qarşı edilən vəhşilikləri sözlə ifadə etmək çətindir. Başı, qolları kəsilmiş, gözləri çıxarılmış, başının dərisi soyulmuş insanları görəndə dəhşətə gəlirdim. Körpə uşaqları süngü ilə deşik-deşik etmişdilər. Cəsədlərlə yanaşı, düşməndən gizlənə bilmiş sakinləri də ərazidən çıxarırdıq”.
Xocalı sakinlərinə qarşı törədilən bu vəhşilikləri görəndən sonra düşməndən qisas alacağına and içən Saleh Cabbarov silahdaşları ilə birgə Dəhraz-Ağbulaq istiqamətində aparılan əməliyyatda iştirak edib. “Uğrunda döyüşdüyüm o torpaqları, əraziləri çox yaxşı tanıyıram. Bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda silaha sarılmağa, ordumuzun ön sıralarında gedərək bələdçilik etməyə hazıram”, - deyə S.Cabbarov bildirib.

Xocalı faciəsi 2020-02-27 13:42:00