×
A
A
A
Sazlamalar

Dövlət Turizm Agentliyinin rəsmisi: Koronavirusla bağlı alternativ ssenarilərimiz var

Bakı, 27 fevral, AZƏRTAC

Çində yayılmış koronavirusun turizmə təsirini rəqəmlərlə demək tezdir. Ancaq böhranla bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə dəyişikliklər edirik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Bildirib ki, koronavirusla bağlı dünya üzrə səyahətlərin azalması prosesi gedir: “İnsanlar artıq hər hansı ölkədən deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər. Koronavirus, təbii ki, turizm bazarımıza mənfi təsir edəcək. Amma bu təsirin hansı həcmdə olacağını demək çətindir. Bir müddət əvvəl İranda, dünən isə Gürcüstanda yoluxma halları aşkar olundu. Bütün bunları nəzərə almışıq və alternativ ssenarilərimiz var. Çin bazarı ilə bağlı da planımız var idi. Virus yayıldıqdan sonra artıq səylərimizi digər bazarlara yönəldəcəyik”.
K.Quluzadə, həmçinin turizm şirkətlərinə koronavirus yayılan ölkələrə gedənlər və bu ölkələrdən gələnlərin təlimatlandırılması ilə bağlı göstərişin verildiyini də qeyd edib.

 

Turizm 2020-02-27 12:39:00