×
A
A
A
Sazlamalar

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Naxçıvan, 27 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Şərur rayonu
Şərur rayonunda keçirilən anım tədbirində soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub. Xocalı soyqırımını törətməklə erməni vandalları xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq kimi çirkin niyyətlər güdürdülər. Lakin hiyləgər və məkrli düşmən bu amansız cinayətlə istəyinə nail ola bilmədi. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq doğma yurda sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.
Hadisələrin ilkin dövrlərində ozamankı iqtidar Xocalı şəhərinin əhalisinin xilası üçün heç bir tədbir görməyib. Dövlətin başında duranlar hadisələrdən sonra xalqın qəzəbindən qorxaraq onun miqyasını kiçiltməyə çalışdılar, əsl həqiqət barədə ictimaiyyətə yalan məlumat verilib. Xocalı faciəsinin doğurduğu ümumxalq narazılığı dalğası üzərində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü də hadisəyə siyasi-hüquqi qiymətin verilməsində maraqlı olmayıb.
Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. O vaxtdan hər il faciənin ildönümü ölkəmizdə erməni separatçılarına nifrət hissi ilə qeyd olunur.
Ermənilərin törətdiyi bu müdhiş və insanlığa sığmayan cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması istiqamətində ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasət artıq bəhrəsini verir. Hər il Xocalı soyqırımı ərəfəsində bu faciənin ildönümü dünyanın əksər ölkələrində geniş şəkildə qeyd olunur. Artıq bütün dünyaya məlumdur ki, ermənilərin öz havadarlarının köməyi ilə Xocalıda törətdikləri bu qanlı hadisə təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Fevral ayının əvvəlindən başlayaraq Şərur rayonunda da idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində keçirilən silsilə tədbirlərdə hadisənin mahiyyəti, təşkilatçıları və icraçıları barədə məlumatlar verilib. Fevralın 26-da keçirilən anım tədbirinin iştirakçıları Xocalı faciəsini əks etdirən simvolik pannonun önünə tər qərənfillər düzüblər.
Babək rayonu
Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.
Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətinin artması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Azərbaycan dövlətinin hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə qüdrətli və inkişaf etmiş Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır.
Sonda tədbir iştirakçıları soyqırımından bəhs edən filmə baxıblar.
Ordubad rayonu
Ordubad rayonunda da Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə çəkilmiş portretin önünə tər qərənfillər qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, “Azərbaycanlıların soyqırımı” filminə baxıblar.
Həmin gün Naxçıvan şəhərindəki Xatirə Muzeyi tərəfindən ümumtəhsil məktəbləri ilə interaktiv əlaqə yaradılıb, bir dərs saatı Xocalı soyqırımına həsr edilib.
O vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat verib, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülməyə başlanılıb.
Bu gün Azərbaycan Ordusu düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə, 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdır.
Culfa rayonu
Bu gün “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Xocalı soyqırımının bütün dünya ölkələrində tanınmasına imkan verir. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Ölkə Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində həlli istiqamətində cəsarətli və qətiyyətli addımlar atır.
Vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Vətən övladı ermənilərin xəbis niyyətlərinin ifşa edilməsi, Azərbaycanın ədalətli haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələn köməyi əsirgəmir.
Bu fikirlər Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Culfa Rayon Mədəniyyət Sarayının foyesində keçirilən anım tədbirində Culfa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Abdullayevanın “Xocalı soyqırımının günahkarları tarix və bəşəriyyət qarşısında cavab verməlidirlər” mövzusundakı çıxışında səsləndirilib.
Tədbirdə idarə, müəssisə və təşkilat kollektivləri faciə qurbanlarının xatirəsinə hazırlanmış panno önünə tər qərənfillər düzüb, dəhşətli gecədə qurban gedənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra faciə ilə bağlı film nümayiş olunub.
Kəngərli rayonu
Kəngərli Rayon Mədəniyyət Sarayında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Mədəniyyət Sarayının foyesindəki Xocalı faciəsi qurbanlarının xatirəsini əks etdirən panno önünə çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, “Azərbaycanlıların soyqırımı” sənədli filminə baxıblar.
Qeyd edilib ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi tanıdılması üçün ilk məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra başlayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində artıq bütün dünya erməni faşizminin iç üzü ilə yaxından tanış olur.
Şahbuz rayonu
Tarixdən məlumdur ki, Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlayıb. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalıb, birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə şəhər yandırılıb. Nəhayət, 1992-ci ildə Xocalı üçüncü dəfə daha dəhşətli faciəyə düçar olub. Bu qəddarlıq və vandalizm həmin il fevralın 25-dən 26-na keçən gecə özünü daha qabarıq şəkildə büruzə verib. Azğınlaşmış erməni quldur dəstələri və onların havadarları Xocalıda misligörünməmiş soyqırımı törədiblər.
Dəhşətli faciənin baş verməsinin 28-ci ildönümü ilə əlaqədar Şahbuz şəhərindəki Mədəniyyət Sarayında ictimaiyyət nümayəndələri Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunan sərginin önünə tər qərənfillər düzüblər.
Tədbir iştirakçıları xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən filmə baxıblar.
Sədərək rayonu
Dağlıq Qarabağda baş verən hadisələr zamanı Sədərək rayonu da hücumlara məruz qalıb. Ermənilər 1990-1993-cü illərdə Sədərəyə, ümumilikdə, 14 dəfə hücum ediblər. Həmin ağır günlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və torpağı uğrunda canını verən 52 vətənpərvərin yurd yeridir. Onların və ərazi bütövlüyümüz uğrunda şəhid olan digər Vətən oğullarının xatirəsi Sədərəkdə daim uca tutulur.
Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Sədərək Rayon Mədəniyyət Sarayının foyesində keçirilən anım mərasimində əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları “Xocalı yanğısı” adlı filmə baxıblar.

Regionlar 2020-02-27 11:12:00