×
A
A
A
Sazlamalar

“Sevilya bərbəri” iki ölkənin opera ulduzlarını bir araya gətirəcək

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi səhnə əsərində iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (Almaviva rolunu ifa edəcək) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa edəcək) dəvət edib.
Ukraynalı sənətkarlarla yanaşı, operada Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), gənc solistlər Nina Makarova (Berta) və Mahir Tağızadə (Zabit) çıxış edəcəklər.
Martın 7-də təqdim ediləcək səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

 

Teatr və kino 2020-02-27 10:58:00