×
A
A
A
Sazlamalar

Azərbaycan Universitetində tədbir: Qayıdış günü uzaqda deyil

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Qayıdış günü uzaqda deyil” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin peşə öyrənən gəncləri tərəfindən faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş edilib. Kompozisiya Xocalı soyqırımı haqqında şeirlər və səhnəcikdən ibarət olub.
Tədbirdə Azərbaycan Universitetinin prorektoru Yusif Qasımov və mərkəzin direktoru Rəhilə Həsrətova Xocalı soyqırımının anılmasının vacibliyini və əhəmiyyətini vurğulayıblar.
Sonra Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilən eyniadlı film nümayiş olunub. Tədbir Azərbaycan Universitetinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində istehsalat təcrübəsində olan, sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Mərkəz 15-29 yaşlarında sağlamlıq imkanları məhdud olan gənclərin peşə hazırlığı üsulu ilə cəmiyyətə, özünəməşğulluq və məşğulluq çərçivəsində əmək bazarına inteqrasiyasını və sosial reabilitasiyasını təşkil edir. Tədbirdə mərkəzin gənclərinin hazırladığı əl işləri və əsərlər də sərgilənib.

Elm və təhsil 2020-02-27 10:55:00