×
A
A
A
Sazlamalar

“Gənc istedadlar” liseyinin şagirdləri Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər

Bakı, 27 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbiri liseyin direktoru Arif Bağırov açaraq ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən soyqırımının təkcə azərbaycanlılara deyil, insanlığa qarşı cinayət olduğunu bildirib.
Anım mərasimində faciə qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Tarix fakültəsinin professoru Nuru Məmmədov və Xocalı soyqırımının şahidi Müşkünaz Əhmədova çıxış edərək ümumtəhsil müəssisələrində belə tədbirlərin keçirilməsilə ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının yad edilməsinin və Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın vacib olduğunu qeyd ediblər.
Tədbir lisey şagirdlərinin hazırladığı ədəbi-bədii hissə ilə davam edib. Sonda Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Xatırladaq ki, Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən “Gənc istedadlar” liseyində ilk dərslər də Xocalı soyqırımına həsr edilib.

Elm və təhsil 2020-02-27 10:44:00