×
A
A
A
Sazlamalar

Xocalı faciəsinin qurbanlarının xatirəsi Yaponiyada anılıb VİDEO

Tokio, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Müvəqqəti işlər vəkili Fərid Talıbov bildirib ki, Ermənistan dövləti 1980-ci illərin sonlarından Dağlıq Qarabağ regionunda aqressiv separatizmi və dövlət səviyyəsində terrorizmi açıq dəstəkləməsinə, Azərbaycana qarşı müharibəyə başlayaraq ərazilərimizin 20 faizini işğal etməsinə, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan çox köklü azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsinə və çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırım aktları törətməsinə görə məsuliyyət daşıyır.
F.Talıbov Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar 4 qətnaməsi haqqında məlumat verib. Bildirib ki, ölkəmiz beynəlxalq səviyyədə ikili standartlar ilə üzləşir və qətnamələrin yerinə yetirilməsi həyata keçirilmir.
F.Talıbov qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üzrə mütəmadi işlər aparır, lakin Ermənistanın cinayətkar rejiminin qeyri-konstruktiv mövqeyi və ona himayədarlıq edən qüvvələr münaqişənin həllinə maneçilik törədir. Həmçinin tarixə nəzər salan diplomatımız, hazırda Ermənistanın yerləşdiyi ərazinin böyük qisminin Azərbaycana məxsus olduğunu da diqqətə çatdırıb.
Xocalı soyqırımı barədə ətraflı məlumat verən F.Talıbov qeyd edib ki, bu faciənin ən ağır səhifəsi burada çoxsaylı uşaq, qadın, yaşlı insanların vəhşicəsinə öldürülməsidir. Xocalı soyqırımının artıq 10-dan artıq ölkədə müxtəlif səviyyələrdə tanındığı, eyni zamanda ABŞ-ın 20-dən çox ştatında Xocalı soyqırımı ilə bağlı Azərbaycana göstərilən həmrəylik haqqında da mərasim iştirakçılarına məlumat verilib.
F.Talıbov, ermənilərin cəbhə bölgəsində son təxribatları ilə bağlı son məlumatları da nəzərə çatdırıb. Diplomatımız Yaponiya hökuməti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsinə görə minnətdarlığını ifadə edib, tədbir iştirakçılarını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmağa dəvət edib.
Tokio şəhərində yaşayan musiqiçi Kyoko Matsuura AZƏRTAC-ın xüsusi müxbirinə deyib ki, bu hadisələr həqiqətən də insanı üzən və çox kədər verici faciədir: “İlk dəfədir ki, Azərbaycanda törədilmiş bu cinayətlə tanış oldum. Həm səfirin çıxışında, həm də sənədli filmdə faciə barədə çox ətraflı məlumat aldım. Bu gün yalnız azərbaycanlılar üçün deyil, bütün insanlıq üçün kədərli gündür. Çox təəssüf edirəm ki, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə baxmayaraq, bu münaqişə hələ də öz həllini tapmayıb. Düşünürəm ki, bu həqiqətləri dayanmadan yaymaq, bütün dünyanın diqqətinə çatdırmaq lazımdır. Bir yapon olaraq dərdinizə şərik olur, dərin hüznlə başsağlığı verirəm”.
“Kosugi Zohen Co.” Şirkətinin prezidenti Saki Kosuqi isə deyib ki, mən Azərbaycanı çox sevirəm, bu ölkəni, onun zəhmətsevər, mehriban insanlarını yaxşı tanıyıram. Çox təəssüf edirəm ki, belə bir xalqın başına Xocalı soyqırımı kimi faciələr gəlib. Düşünürəm ki, bu, yalnız sizin xalqınıza qaşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər onun cavabını verməlidirlər. Azərbaycan xalqına səbir və təmkin diləyirəm. İnanıram ki, Azərbaycan xalqı öz sürətli inkişafını davam etdirərək böyük uğurlara imza atacaq.
“Classe Superior” məktəbinin müəllimi Flora Tanaka isə bildirib ki, Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş bu cinayət həqiqətən də bir qadın kimi mənə çox pis təsir bağışladı. Xüsusən uşaqlara, qadınlara və yaşlı insanlara qarşı bu vəhşiliyin törədilməsi qətiyyən yolverilməzdir. Bu cinayəti törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bu gün aldığım məlumatlar məni çox kədərləndirdi. Mən azərbaycanlıları sülhpərəst, xeyirxah bir insanlar kimi tanıyıram, çox təəssüf edirəm məhz belə bir xalqın başına bu cür faciələr gəlib. Dost Azərbaycan xalqına daim rifah, sülh və əmin-amanlıq arzulayıram.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xocalı faciəsi 2020-02-27 10:07:00

Video