×
A
A
A
Sazlamalar

Argentinada Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib

Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Argentinada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət strukturlarının təmsilçiləri, yəhudi və müsəlman icmalarının üzvləri və aparıcı beyin mərkəzlərinin nümayəndələri iştirak edib.
Tədbirdə səfir Rəşad Aslanov işğaldan öncə 7 min nəfər əhalisi olan Xocalının regionda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi, həmçinin tarixi-mədəni abidələrlə zəngin şəhər olduğunu qeyd edib. Xocalını işğal etməklə Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ regionunun digər ərazilərini də işğal etmək üçün strateji üstünlük əldə etmək, maddi mədəniyyət abidələrini yox etmək, eləcə də azərbaycanlıların psixoloji cəhətdən əzmini qırmaq məqsədini güddüyünü vurğulayan R.Aslanov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədə baş verənlərin bəşəriyyət əleyhinə törədilmiş ən amansız və vəhşicəsinə həyata keçirilmiş soyqırımlardan biri olduğunu diqqətə çatdırıb.
Erməni vəhşiliyinin Azərbaycanın mübarizə və inkişaf əzmini qıra bilmədiyini deyən R.Aslanov hazırda ölkəmizin beynəlxalq səviyyədə etibarlı müttəfiq və regionun lider dövləti olduğunu, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı enerji və infrastruktur layihələrinin ölkəmizin iqtisadi yüksəlişi ilə yanaşı, yerləşdiyi regionun inkişafına da töhfə verdiyini əlavə edib. Bu xüsusda R.Aslanov Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfuzu və iqtisadi qüdrəti fonunda Xocalı soyqırımını törədənlərin cəzasızlığına son qoyulması, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə “Xocalıya ədalət!” kampaniyası tərəfindən aparılmış işlər barəsində məlumat verib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər zaman anılmasının insanlığın bu günü və gələcəyi üçün, eləcə də bu kimi faciələrin gələcəkdə baş verməsinin qarşısının alınması üçün önəmli olduğunu qeyd edən R.Aslanov Azərbaycanın Xocalı soyqırımını törədənlərin mühakimə olunaraq cəzalandırılmasını istədiyini diqqətə çatdırıb.
Daha sonra tədbir iştirakçılarına “Xocalı soyqırımı: Şahidlərin gözü ilə” sənədli filmi ispan dilində subtitrlərlə nümayiş etdirilib.

Xocalı faciəsi 2020-02-27 09:25:00