×
A
A
A
Sazlamalar

Malayziyanın nüfuzlu qəzeti AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımı barədə məqaləsini yayıb

Kuala Lumpur, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Malayziyanın nüfuzlu “New Straites Times” qəzeti AZƏRTAC-ın həmin ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş soyqırımı barədə məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, “Xocalıda soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir” sərlövhəli məqalədə həmin faciənin törədilməsinin səbəblərindən və nəticələrindən geniş bəhs olunur. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni separatçıları tərəfindən törədilən soyqırımı XX əsrin ən ağır faciələrindən biridir. Bütün dünya erməni silahlı qüvvələrinin işğal etdikləri ərazilərdə dinc sakinlərə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırılmalıdır.
Məqalədə Azərbaycan şəhəri olan Xocalının tarixi, buradakı mədəniyyət abidələri, bu torpaqların azərbaycanlılara məxsusluğunu sübut edən faktlar barədə geniş məlumat verilir. Vurğulanır ki, ermənilərin həmin şəhəri işğal edərək yandırmasının, yerli əhalini məhv etməsinin səbəbi məhz bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edən faktları aradan götürmək idi.
Keçmiş Sovet İttifaqının 366-cı alayının hərbi texnikası və heyəti ilə birlikdə şəhərə soxulan ermənilərin burada törətdikləri vəhşiliklər barədə həm həmin alayın hərbçiləri, həm də əcnəbi jurnalistlərin sonradan təsdiq etdikləri faktlarla ətraflı məlumat verilir. Qeyd edilir ki, dinc sakinlərin şəhəri tərk etməsi üçün yaradılan dəhliz məhz tələ rolunu oynayıb və bunun nəticəsində aralarında uşaqların, qadınların və qocaların olduğu 613 nəfər amansızcasına qətlə yetirilib, 487 nəfər yaralanıb və 1275 nəfər məhz azərbaycanlı olduqlarına görə bu əzaba məruz qalıblar.
Məqalədə bu faciənin məhz erməni vandalları tərəfindən törədilməsi barədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müsahibəsindən götürülmüş fikirlər də öz əksini tapıb. Qeyd edilib ki, cəllad qəddarlığı ilə törədilmiş bu soyqırımı aktı heç vaxt Azərbaycan xalqı tərəfindən unudulmayacaq.
Məqalələrin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://www.nst.com.my/opinion/columnists/2020/02/569441/khojaly-massacre-crime-against-all-mankind

 

Qan yaddaşı 2020-02-27 09:10:00