×
A
A
A
Sazlamalar

İstanbulda təhsil alan tələbələrimiz Xocalı soyqırımı ilə əlaqədar müxtəlif tədbirlər keçiriblər

İstanbul, 27 fevral, AZƏRTAC

İstanbulda təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçiriblər.
AZƏRTAC xəbər verir ki, İstanbul Universitetinin “Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyi” tərəfindən təşkil olunmuş anım mərasimi bu ali təhsil müəssisəsinin “Fuat Sezgin Konqres və Mədəniyyət Mərkəzi”ndə baş tutub.
Tədbirdə Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Vahid Quliyev və “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlidən ibarət nümayəndə heyəti də iştirak edib.
Mərasimdə çıxış edənlər Xocalı soyqırımı, faciənin acı nəticələri və ermənilər tərəfindən törədilmiş bu vandalizm aktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən atılan addımlar barədə danışıblar.
İstanbul Universitetinin “Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi” tərəfindən keçirilən “Xocalı üçün danışaq” mövzusunda anım mərasimi bu universitetin ədəbiyyat fakültəsinin “Kurul odası”nda təşkil olunub.
Tədbirdə “Azərbaycan yeni çağ” media şirkətinin rəhbəri Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin rəhbəri Məlahət Qurbanova, birliyin rəhbəri və digərləri iştirak ediblər.
Mərasimdə Xocalı soyqırımı haqqında iştirakçılara məlumat verilib, bu vandalizm aktını törədənlərin cəzalandırılmasının vacibliyi vurğulanıb.
Azərbaycanın nümayəndə heyətinin iştirakı ilə keçən daha bir tədbir “Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi” qeyri-hökumət təşkilatı tərəfindən Avrasiya Strateji Araşdırmalar Mərkəzində təşkil olunub.
“Azərbaycan Xocalı üçün ədalət axtarır” mövzusunda keçirilən konfransda çıxış edənlər iştirakçılara ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı barədə geniş məlumat veriblər. Azərbaycan torpağında işlənmiş bu vandalizm aktı ilə bağlı geniş məruzələr oxunub.
Xocalı həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərə görə təşkilat rəhbərlərinə xüsusi plaketlər təqdim edilib.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Qan yaddaşı 2020-02-27 06:28:00