×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi İranda yad edilib

Tehran, 26 fevral, AZƏRTAC
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ölkəmizin İrandakı səfirliyində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayan mərasimdə İran Xarici İşlər Nazirliyinin rəsmiləri, İqtisadi Əməkdaşlıq Təşkilatının, Tehranda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, hərbi attaşelər və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Səfirliyin əməkdaşları Nəriman Orucəliyev və Abbas Cabbarov fars və ingilis dillərində çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Xocalıda törətdikləri qətliam, Dağlıq Qarabağda azərbaycanlılara məxsus tarixi, dini və mədəni abidələri məhv etmələri haqqında geniş məlumat veriblər.
Qeyd olunub ki, bütün beynəlxalq qanunları tapdalayan Ermənistan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri olan Xocalını mühasirəyə alaraq misli görünməmiş soyqırımı həyata keçiriblər. Uşaqlara, qadınlara və qocalara rəhm etməyən erməni silahlı birləşmələri 613 nəfəri xüsusi qəddarlıqla öldürüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Faciə zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 155 nəfərin taleyindən indiyədək heç bir məlumat yoxdur.
Daha sonra Xocalı soyqırımı haqqında “TRT World” kanalının istehsalı olan sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən sonra İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin çıxış edərək Xocalı şəhidlərinə Uca Allahdan rəhmət diləyib, ölkəmizdə işlədiyi müddətdə faciə barədə eşitdiklərindən və gördüklərindən danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını regionun təhlükəsizliyinə və inkişafına ən böyük maneə adlandırıb. Azərbaycanın təhlükəsizliyini, sabitliyini və inkişafını İranın təhlükəsizliyi, sabitliyi və inkişafı kimi qəbul etdiklərini söyləyib. M.Pakayin İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.
Sonda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov xalqımızın kədərini bölüşmək üçün mərasimə toplaşanlara minnətdarlığını ifadə edib. Səfir Azərbaycan xalqının və Xocalı sakinlərinin beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verilməsini gözlədiklərini vurğulayıb.
Qeyd edək ki, son günlərdə səfirliyin internet resurslarında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış video və foto materiallar geniş yayılıb. Həmçinin ictimaiyyətin daha geniş məlumatlandırılması üçün sosial şəbəkələrdə fars əlifbası ilə yaradılmış #Qarabağ və #Xocalıya ədalət həştəqləri ilə xeyli paylaşımlar edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Qan yaddaşı 2020-02-26 21:17:00