×
A
A
A
Sazlamalar

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi internet resurslarında Xocalı soyqırımı ilə bağlı məlumatlar yerləşdirib

Tokio, 26 fevral, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yapon dilində olan internet resurslarında qanlı faciə ilə bağlı yeni məlumatlar yerləşdirib.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, Xocalıda erməni silahlıları tərəfindən dinc əhaliyə qarşı törədilmiş faciə barədə yapon ictimaiyyətini daha geniş məlumatlandırmaq üçün bu dildə olan internet resurslarına yeni məlumatlar əlavə edilib. Ermənilərin dünya ictimaiyyətini faciə barədə yanlış məlumatlandırmağa çalışdıqlarını deyən sədr həmin mənbələrdəki yalan məlumatların, ermənilərin guya bu faciədə günahkar olmamasının təsdiqinə yönələn informasiyaların obyektiv məlumatlarla dəyişdirilməsinin zəruriliyini bildirib. Qeyd edib ki, bu saxta məlumatları hadisə barədə həqiqətləri əks etdirən informasiya və faktlarla əvəz etmək, faciə barədə dünya ictimaiyyətini obyektiv məlumatlandırmaq hər bir diaspor təşkilatının diqqət mərkəzində olmalıdır.
Təşkilatın fəallarının yapon dilində hazırladığı məlumatlar “Wikipedia” onlayn ensiklopediyasında, Yaponiyada yaxşı tanınan “Azerbaijan”, “Azerbaijan Japan Friendship Center”, “Japan&Azerbaijan”, “Azərbaycan-Yaponiya. アゼルバイジャン-日本”, “Azerbaijani diaspora in Japan” və digər sosial şəbəkə səhifələrində geniş yayılıb.
Məlumatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər öz əksini tapıb. Vurğulanıb ki, Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın 20-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
X.Kələntər vurğulayıb ki, yapon ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı obyektiv məlumatlandırılması bundan sonra da davam etdiriləcək.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xocalı faciəsi 2020-02-26 20:33:00