×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

İstanbul, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Milli Qəhrəmanı, polkovnik-leytenant Vahid Quliyev və “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlidən ibarət nümayəndə heyəti Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər əsnasında, nümayəndə heyətimiz İstanbulda bir sıra tədbirlərdə, eləcə də konfranslarda iştirak edib, türkiyəli ziyalılar, ictimai xadimlər, media təmsilçiləri, Türkiyənin hazırda təqaüddə olan yüksək rütbəli hərbçiləri və tələbələrlə görüşlər keçirib.
İştirak etdikləri tədbirlərdə nümayəndələrimiz soyqırımın dəhşətlərindən, bu qanlı və ağrılı həqiqətlərin dünyada təbliği naminə Azərbaycan dövləti, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən mühüm işlərdən danışıblar. Bu sahədə həm ictimai, həm mədəni qurumların xətti ilə də bir sıra addımların atıldığı vurğulanıb. Bildirilib ki, əsrin faciəsi olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində Azərbaycan rəhbərliyi tərəfindən davamlı olaraq işlər aparılır, tədbirlər keçirilir. Bu istiqamətdə ictimai qurumların, QHT-lərin də üzərinə ciddi vəzifələrin düşdüyü, onların da bu sahədə fəallıq göstərdikləri qeyd olunub.
Bundan əlavə, Azərbaycan nümayəndələri Türkiyənin nüfuzlu “Bengü Türk” televiziya kanalında Xocalı soyqırımının ildönümü ilə əlaqədar hazırlanmış verilişin qonağı olublar. Proqramda E.Həsənli və S.Hüseynli Xocalı soyqırımının mahiyyəti, onun təbliğinin vacibliyi, dövlətin, QHT-lərin və medianın bu istiqamətdə fəaliyyəti haqqında ətraflı danışıblar. V.Quliyev isə Qarabağ müharibəsi, Xocalı dəhşətləri ilə bağlı xatirələrini tamaşaçılarla bölüşüb. Verilişdə Xocalı soyqırımını özündə əks etdirən fotolar, bu soyqırımı aktı ilə bağlı nəşrlərin, qəzet və jurnallarda çıxan yazıların, xəbərlərin nüsxələri nümayiş olunub.
Qeyd edək ki, bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2020-02-26 18:32:00