×
A
A
A
Sazlamalar

Əcnəbi tələbələr Xocalı soyqırımı haqqında məlumatlandırılıb

Bakı, 26 fevral, AZƏRTAC 

Bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün fakültələrində ilk dərslər Xocalı soyqırımına həsr olunub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin İnşaat- texnologiya fakültəsində Xocalı sakinlərinin başına gətirilən müsibətləri əks etdirən kompozisiya təqdim olunub, tələbələr Xocalı soyqırımına həsr olunan şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər. Xocalıda erməni quldurlarının SSRİ-nin 366-cı motoatıcı alayı ilə birgə törətdiyi vəhşilikləri nümayiş etdirən videoçarx göstərilib.
Fakültənin dekanı Tahirə Haqverdiyeva gəncləri xalqımızın tarixində iz qoyan belə günləri unutmamağa, düşmənə qarşı barışmazlıq hissi ilə yaşamağa, Vətənə, doğma torpağa sədaqət və məhəbbətlə xidmət etməyə çağırıb.
İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov erməni qəsbkarlarının əsrlərboyu xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllərindən, torpaq iddialarından, Xocalıda, Qarabağda, tarixi torpaqlarımızda törətdikləri qırğınlardan danışıb. Dekan qeyd edib ki, Xocalı qurbanlarının xatirəsini yad etmək müqəddəs borcumuzdur: “Böyüməkdə olan nəsil XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında məlumatlı olmalı, düşmənini, onun xəbis xislətini, xalqımıza qarşı zaman-zaman törətdiyi cinayətləri yaxşı bilməlidir”.
O, gənclərə yaxın keçmişimizin qanlı yaddaşında iz qoyan faciələri unutmamağı, taleyüklü məsələlərdə həssas, vətənpərvər olmağı tövsiyə edib. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi anılıb, tələbələrin ifasında şeirlər, musiqilər səsləndirilib.
Əcnəbi vətəndaşların hazırlığı fakültəsində də Xocalı qurbanlarının xatirəsi anılıb, tələbələr fakültədə hazırlanan guşədə sərgilənən fotolar, kitablarla tanış olublar.

Elm və təhsil 2020-02-26 19:01:00