×
A
A
A
Sazlamalar

Gəncə Gənclər Evində "Cəbhədən gələn məktub" tamaşası nümayiş olunub

Gəncə, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Gənclər Evində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı faciəsi haqqında məlumat verilib, müdhiş faciəni əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər - Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, Gənclər Evinin müdiri Amil Qurbanov, KOBİA-nın Gəncə ofisinin rəhbəri Anar Əliyev bildiriblər ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman-zaman qətliamlar törədilib. Xocalı faciəsi bunların içində ən dəhşətlisidir. Azərbaycan gəncləri bunu unutmamalıdır və bütün imkanlardan istifadə edərək, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Xocalı faciəsinin şahidləri Elməddin Hümbətov və Aliyə Abışova həmin o gecənin dəhşətlərini gənclərlə bölüşüblər.
Tədbirin bədii hissəsində Gəncə Gənclər Evi nəzdində fəaliyyət göstərən teatr klubunun səhnələşdirdiyi "Cəbhədən gələn məktub" tamaşası nümayiş olunub.

Regionlar 2020-02-26 18:21:00