×
A
A
A
Sazlamalar

Xocalı qətliamından 28 il ötür

Bakı, 24 fevral, AZƏRTAC

Erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Təkcə bir gecədə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, qadın, uşaq və qoca demədən 613 günahsız insanın məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi bu qətliamın soyqırımı olduğunu təsdiqləyir.
Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin rəisi İlahə Ələsgərovanın “Xocalı faciəsindən 28 il ötür” sərlövhəli məqaləsində faciənin dəhşətlərindən söhbət açılıb. AZƏRTAC məqaləni təqdim edir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl - fevralın 25-də axşam saatlarından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlandı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-da səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni terrorçularının mühasirəsində olan şəhərdə qalan təqribən 2500 nəfər dinc əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu.
Ancaq erməni silahlı dəstələri təkcə Xocalıda deyil, şəhərdən çıxmağa imkan tapmış dinc əhaliyə əsl soyqırımı cinayətini törətdilər. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Faciədən sonra əsir götürülən azərbaycanlılar amansız işgəncələrə məruz qalıblar.
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri insan hüquqları sahəsində beynəlxalq sənədlərə zidd olmaqla yanaşı, soyqırımı cinayətinin tərkib hissəsini yaradıb.
Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Məhz həmin dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırılıb, bununla əlaqədar onlara müraciət edilib. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərlərində anılır. Qanlı qırğınla bağlı faktlar növbəti ildönümündə də beynəlxalq təşkilatlar qarşısında bir daha nümayiş etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 ildən çoxdur davam edən erməni təcavüzünə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərinin doğma yurdlarına qaytarılmasının zəruriliyini daim nüfuzlu beynəlxalq qurumlar qarşısında qaldırır.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur.
Məhz bu istiqamətdə aparılan genişmiqyaslı məlumatlandırma işinin nəticəsində artıq dünya ictimaiyyəti bu faciənin soyqırımı olmasını qəbul edir. Belə ki, Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-ın iyirmidən artıq ştatının qanunverici orqanlarında, həmçinin Şotlandiya parlamentində Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.
Bu gün müasir Azərbaycan gəncliyi anlayır ki, Xocalı soyqırımını törədən mənfur erməni qəsbkarlarının cinayətkar əməllərinin pislənilməsində, qətliama siyasi-hüquqi qiymət verilməsində, faciə barədə beynəlxalq ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasında hər birimiz daha fəal olmalıyıq. Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 22-də Berlində təşkil olunan ümumavropa Qarabağ mitinqi bunun bariz nümunəsidir. Mitinqin dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilməsi Xocalı faciəsi ilə bağlı təbliğat işinin miqyasının bütün Avropanı əhatə etdiyini göstərir. Həmin aksiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən faciəli hadisələr haqqında məlumat verilib, iştirakçılar müxtəlif dillərdə, o cümlədən Azərbaycan, gürcü, ingilis, alman, fransız, norveç, çex, italyan, polyak, yunan, macar, türk, fin, latış və müxtəlif dillərdə çıxışlar ediblər.
Erməni millətçilərinin XIX-XX əsrlər boyu azərbaycanlılara qarşı mərhələli qaydada həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətini ifşa edən həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində aparılan məqsədyönlü iş nəticəsində əldə olunan nailiyyətlər onların gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklərini deməyə əsas verir.

Xocalı faciəsi 2020-02-26 18:51:00