×
A
A
A
Sazlamalar

Möhsün Pakayin: Ermənistan silahlılarının Azərbaycanın Xocalı şəhərində törətdikləri qətliam soyqırımıdır

Tehran, 26 fevral, AZƏRTAC
Azərbaycanın təhlükəsizliyi İranın, İranın təhlükəsizliyi isə Azərbaycanın təhlükəsizliyidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
O bildirib ki, İran ilə Azərbaycan dost və qardaş dövlətlərdir. Xalqlarımızın eyni milli dəyərlərə, tarixə, mədəniyyətə, adət-ənənəyə və dini dəyərlərə malik olması dövlətlərin yaxın əməkdaşlıq əlaqələrini şərtləndirir. Hər iki ölkənin prezidentinin siyasi iradəsi nəticəsində münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Birgə iqtisadi layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq onu deməyə əsas verir ki, perspektivdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcək.
Keçmiş səfir diqqətə çatdırıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və suverenliyinə hörmətlə yanaşır. Onun sözlərinə görə, İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır.
Xocalı soyqırımı haqqında fikirlərini bildirən keçmiş səfir qeyd edib ki, Ermənistan silahlılarının Azərbaycanın Xocalı şəhərində törətdikləri qətliam soyqırımıdır. Beynəlxalq ictimaiyyət Xocalıda törədilənləri soyqırımı kimi tanımalıdır.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Siyasət 2020-02-26 18:45:00