×
A
A
A
Sazlamalar

Xocalı faciəsinin növbəti ildönümü Qəbələ rayonunda silsilə tədbirlərlə qeyd edilib

Qəbələ, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü Qəbələ rayonunda da silsilə tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar fevralın 26-da Qəbələ şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olublar.
Rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətindən danışıb. Bildirilib ki, miqyasına və dəhşətli nəticələrinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın mübarizə əzmini qırmaq idi.
Diqqətə çatdırılıb ki, hazırda Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü iş aparılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası faciənin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Tədbirdə Xocalıdan olan məcburi köçkünlər Qiyas Əhmədov və Kamal Məmmədov çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2020-02-26 18:36:00