×
A
A
A
Sazlamalar

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün dövlətimiz bütün zəruri addımları atır

Qazax, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Xocalı soyqırımının 28-ci ildönümü respublikanın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunub.
Tədbirlər çərçivəsində Şəhidlər xiyabanında Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin rəhbərləri və şəxsi heyəti, idarə, müəssisə, təşkilatların rəhbərləri və əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidlər xiyabanında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə gül dəstələri qoyulub, Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsi böyük ehtiramla yad edilib.
Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal ediblər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törədiblər. Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 155 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətə ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanılıb. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini alıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırılıb, bununla əlaqədar onlara müraciət edilib. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərlərində anılır. Qanlı qırğınla bağlı faktlar növbəti ildönümündə də beynəlxalq təşkilatlar qarşısında bir daha nümayiş etdirilir.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub və olmaqda da davam edir.

Regionlar 2020-02-26 18:14:00