×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır

Yardımlı, 26 fevral, Bağır Əliyev, AZƏRTAC

Yardımlıda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə-kompleksinin önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən, soyqırımından danışaraq, Xocalı faciəsini XX əsrdə törədilmiş ən qanlı cinayət adlandırıb.
Qeyd olunub ki, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır.
Diqqətə çatdırılıb ki, şəhidlərimizin qanı ilə yuyulmuş, düşmən tapdağı altında olan torpaqlarımız, o cümlədən Xocalı şəhəri Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacaq.

Xocalı faciəsi 2020-02-26 17:31:00