×
A
A
A
Sazlamalar

Qəbələdə Xocalı faciəsinə həsr olunan rəsm müsabiqəsinə yekun vurulub

Qəbələ, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan “Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Mədəniyyət Mərkəzi, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsi, Qəbələ Dövlət Rəsm Qalereyası və Uşaq İncəsənət Məktəbinin dəstəyi ilə keçirilən müsabiqənin yekun sərgisində 40-dək yeniyetmə və gənc rəssamın 70 rəsm əsəri nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri Sədaqət Bayramova və başqaları çıxış edərək, Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət, soyqırımı olduğunu bildiriblər.
Qeyd olunub ki, müsabiqənin keçirilməsində əsas məqsəd Xocalı faciəsinin acı nəticələrini bir daha uşaq, yeniyetmə və gənclərin diqqətinə çatdırmaq, eyni zamanda, onların bədii yaradıcılıq potensialını üzə çıxarmaq, inkişaf etdirməkdir.
Sonra tədbir iştirakçıları müsabiqəyə təqdim olunan rəsm əsərləri ilə tanış olublar. Münsiflər heyətinin rəyinə əsasən, Səbinə Faxlulova müsabiqənin qalibi adını qazanıb. Zərifə Rəcəbova və Nazənin Xəlilli ikinci, Məleykə Məhyəddinova, Nərmin Səmədova və Gülbarə Məmmədova üçüncü yerə layiq görülüblər.
Müsabiqənin qalibləri fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Regionlar 2020-02-26 17:16:00