×
A
A
A
Sazlamalar

Xocalı faciəsi qanlı cinayət hadisələrindən biri kimi tarixə düşüb

Bakı, 25 fevral, AZƏRTAC 

Fevralın 25-də Bakı Şəhər Baş Polis İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı çıxış edərək Xocalı faciəsinin qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. O qeyd edib ki, 28 il əvvəl Ermənistan silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamilə məhv edilib.
Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev çıxış edib. Bildirilib ki, Azərbaycan dövləti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.
Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri yada salınıb, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunan xüsusi iclasının keçirildiyi, hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul olunduğu diqqətə çatdırılıb. Xüsusilə vurğulanıb ki, bu gün əmin-amanlıq və yüksək sabitlik şəraitində inkişaf edən Azərbaycanın bir daha faciələrlə üzləşməməsi üçün xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir.
Mərasimə yekun vuran rəis müavini Nurullah Məmmədxanlı ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına əminliyini bildirib, bunun üçün sabitliyin, ictimai təhlükəsizliyin etibarlı qorunmasının önəmli olduğunu vurğulayıb.

Sosial 2020-02-25 20:46:00