×
A
A
A
Sazlamalar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı, 25 fevral, AZƏRTAC 

Fevralın 25-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə idarə rəisi Rəşid Piriyev, rəis müavinləri, şöbə və bölmə rəisləri, yol polisi xidmətinin əməkdaşları, tarixçi alim, professor Fəzail İbrahimli, Xocalı soyqırımının və Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı, “General Əli bəy” kimi tanınan Əlövsət Qasımov, ehtiyatda olan general-mayor İntiqam Zeynalov iştirak ediblər.
Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra çıxış edən idarə rəisi Rəşid Piriyev bildirib ki, Azərbaycan polisi tarixə qanla yazılmış günləri heç vaxt unutmur. Biz də bir əsgər kimi daim Vətənə, dövlətə xidmət edirik. Biz heç vaxt başımıza gətirilən bu faciələri unutmamışıq. Düşmənimiz məlumdur və biz onu yaxşı tanımalıyıq. Əminəm ki, şəhidlərimizin qisası tez bir zamanda alınacaq, biz doğma yurdumuza qayıdacağıq. Biz Ali Baş Komandanın əmrinə hər an hazır olan əsgərlərik. Bu faciələri bizə yaşadanlar gec-tez cəzalarını alacaqlar.
Tarixçi alim Fəzail İbrahimli bildirib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiası XVIII əsrdən başlayır və bu istəklərinə çatmaq üçün daim himayədarlarından dəstək alıblar: “Biz heç vaxt tariximizi unutmamalıyıq. Ermənilər bizimlə təklikdə mübarizə aparmayıblar. Onlar daim imperiyanın gücündən istifadə edib. Biz hər zaman böyük güclərlə mübarizə aparmışıq. Bu gün Azərbaycanın yürütdüyü siyasət ölkədə sabitliyin qorunmasına hesablanıb. Amma bu, o demək deyil ki, biz bu faciələri unudacağıq. Bu gün Azərbaycan güclü dövlətdir və buna görə bizə təzyiqlər hər zaman olur. Biz bir olmalıyıq, yumruq olmalıyıq. Tarixin hər dövründə millətimiz böyük güclərə qarşı savaşıb”.
Rusiyada yaşayan soydaşımız, hüquqşünas İntiqam Zeynalov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev də Qarabağ döyüşlərində fəal iştirak edib: “Belə vətənpərvər insanlarla birlikdə olmaq qürur verir. Mən illərdir Rusiyada yaşayıram. Hər yerdə Azərbaycanı təbliğ edirəm. Düşünürəm ki, biz tariximizi və başımıza gələn faciələri unutmamalıyıq”.
Tədbirdə Xocalı faciəsini əks etdirən fotosərgi də açılıb. Nümayiş olunan fotolar Əlövsət Qasımov tərəfindən çəkilib.

Sosial 2020-02-25 20:18:00